Ilk qaynaqlarda xalq oyunlarına dair

Azərbaycan zərdüştlüyün vətəni olduğu kimi, ən qədim dövrlərdən bəri zəngin milli oyunların da vətənidir. «Avesta»ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, yeniyetmələrin sağlam, gümrah böyüməsi, onların at çapma, güləş, ox atma yarışlarında iştirakının tarixi ən qədim dövrlərə gedib çıxır.
Ilk dəfə Zərdüşt dininə iman gətirənə «Küştasp» və ya «Avesta»da yazıldığı kimi «Veyştasp» — sürətlə gedən ata və oyunun sahibinə deyilirdi. Hətta Zərdüştün əsl adı «Hənna» idi ki, bu da «qoca dəvə saxlayan» mənasını verir. «Avesta»da qoçaqlıq, güclü olmaq haqqında geniş bəhs edilir. Zərdüştilər bellərinə müqəddəs belbağı bağlayır və ona «koşti» deyirdilər. «Koşti» sonralar fars dilində «güləş» mənasını daşımışdır. Belbağı at quyruğu tükündən toxunmuş 72 sap ilməkdən ibarət idi. 7-15 yaş arasında olan hər bir zərdüşti 72 sap ilməyi olan belbağını kətan parçadan olan ağ, nazik köynəyinin üstündən belinə bağlayır və onu gündə bir neçə dəfə açır, yenidən bellərinə bağlayırdılar. Bu vaxt onlar «koşti» adlanan duanı oxumalı idilər. Dua vasitəsi ilə tövbə də edirdilər. Duanın bir yerində deyilirdi: "...qüvvətli olmağı əziz tuturuq, ona görə ki, onun gücü ilə düşməni aradan aparırıq". Məbud «Avesta»dan parçalar oxuyur, sonra hamı meyvələrdən yeyirdi.
Ardı →